BAKI, 13 oktyabr. TELEQRAF
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% çox ümumi daxili məhsul istehsal olunub.
Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2,9% artıb.
ÜDM istehsalının 34,2%-i sənaye, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6%-i tikinti, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 20,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.