BAKI, 17 sentyabr. TELEQRAF

2024-cü ildə vergi orqanlarına 7.153 faktiki inzibati şikayət daxil olub. Onlardan 3.705-i dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedici sənədlər əsasında müsbət həllini tapıb. Barəsində qərar qəbul edilmiş inzibati şikayətlərin sayı isə 2.893 təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2024-cü il üzrə hesabatında qeyd olunub.

Məlumata əsasən, müsbət həll olunmuş faktiki şikayətlərin xüsusi çəkisi 60,5% olub.

İnzibati şikayətlərin böyük əksəriyyəti – 94,5%-i kameral vergi yoxlaması ilə bağlıdır. Digər şikayətlərin 3,5%-i digər səbəblər, 1,8%-i operativ vergi nəzarəti, 0,2%-i səyyar vergi yoxlaması ilə əlaqədardır.

Barəsində qərar qəbul edilmiş inzibati şikayətlərin nəticələrinə əsasən, onların 65,5%-i baxılmamış saxlanılıb, 15,7%-i təmin edilməyib, 12,7%-i təmin olunub. Digər hallarda isə 3,7% şikayət qismən təmin edilib, 2,4% üzrə icraata xitam verilib.