BAKI, 13 avqust. TELEQRAF

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq neçənci dəfədir ki, sanitar gigiyena xidmətləri- deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin görülməsi üçün “Ecomedi” QSC ilə iriməbləğli müqavilələr bağlayır.

Teleqraf xəbər verir ki, bu dəfəki müqavilənin dəyəri 5 milyon 637 min 581 manat təşkil edib.

QSC bu məbləğ qarşılığında sanitar gigiyena xidmətləri- deratizasiya, dezinseksiya və dezinfeksiya işlərini görəcək.

Müvafiq işlərin icrasına ötən ayın 22-dən başlanılıb, bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ecomedi” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 AZN olan şirkətin qanuni təmsilçisi Mehdixanlı Cövdət Tofiq oğludur.

Xatırladaq ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bundan əvvəl müxtəlif illərdə “Ecomedi” QSC ilə toplam 12 milyon 934 min 860 manat dəyərində satınalma müqavilələri imzalayıb.