BAKI, 4 iyul. TELEQRAF
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların ümumi həcmi 2022-ci ildən 2023-cü ilədək 19 milyon tondan 22,6 milyon tona yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Bazarı Araşdırmaları İnstitutunun “Diversifikasiya və Asılılıq Arasında: Azərbaycanın Çoxvektorlu Siyasətinin Məhdudiyyətləri” adlı araşdırmasında qeyd edilir.
Bildirilir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcmi 2025-ci ildə 28,1 milyon tona çata bilər.
“Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərindən əldə edilən ümumi gəlirlər isə Azərbaycanın ÜDM-in 1-1,2 faizini təşkil edə bilər:
"Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr 2022-2025-ci illərdə üç mərhələdən keçib: 2022-ci ildə aktivliyin kəskin artması, 2023-cü ildə korreksiya və 2024-2025-ci illərdə yeni mərhələ. 2025-ci ilin birinci rübündə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61% artaraq 4,8 milyard rubla çatıb. Tədqiqatda qeyd olunur ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 2024-cü ilin ortalarına qədər 5,7 milyard dollar təşkil edib. Bununla da 2022-ci ilin göstəricilərini 8% ötüb. Azərbaycanda maşınqayırma, tikinti, nəqliyyat, kimya, əczaçılıq və tibb sənayesində 18 investisiya layihəsi həyata keçirən Rusiya kapitallı 1800 şirkət fəaliyyət göstərir".