BAKI, 14 aprel. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun tətbiq etdiyi sanksiyalara baxmayaraq "Lukoil"a xarici aktivləri ilə bağlı müəyyən əməliyyatlara icazə verən lisenziyanı bu ilin oktyabrına qədər uzadıb.
Teleqraf xəbər verir ki, sənəddə Rusiyadan kənarda "Lukoil" müəssisələrindən mal və xidmətlərin alınması ilə bağlı əməliyyatlara oktyabrın 29-u tarixinə qədər icazə verilib.
Qeyd edək ki, bundan əvvəl lisenziyanın son tarixi 29 aprel idi.
ABŞ Maliyyə Nazirliyi həmçinin "Lukoil"un Bolqarıstandakı törəmə müəssisələri ilə bağlı əməliyyatlara 29 oktyabr tarixinə qədər icazə verən ayrıca ümumi lisenziya açıqlayıb. Bu icazə "Lukoil Neftohim Burgas JSC", "Lukoil Bulgaria EOOD", "Lukoil Aviation Bulgaria EOOD" və "Lukoil Bulgaria Bunker EOOD"a aiddir.
Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi "Lukoil" və "Rosneft" şirkətlərini sanksiya paketinə daxil edib.