BAKI, 24 iyun. TELEQRAF
Son üç ildə ölkədə qəbul olunan dövlət standartlarının sayı 6 dəfədən çox artıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən, baş direktorun müavini Kəmalə Məmmədzadə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş maarifləndirici seminarda 2021–2024-cü illər üzrə standartlaşdırma sahəsində görülən işlərlə bağlı məlumat verərkən deyib.
Onun sözlərinə görə, bu dövrdə sınaq laboratoriyalarının akkreditasiyası sahəsində ciddi artım müşahidə olunub. Belə ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə isə artıq 232 laboratoriya akkreditasiyadan keçib.
"Yeni laboratoriyalar əsasən kənd təsərrüfatı, tikinti, telekommunikasiya, kimya, ərzaq və digər sahələri əhatə edir", – deyə Məmmədzadə vurğulayıb.
O əlavə edib ki, 2021-ci illə müqayisədə 2024-cü ildə qəbul olunan standartların sayı 6 dəfədən çox artıb. 2025-ci ilin ilk beş ayı ərzində isə 86 yeni dövlət standartı qəbul olunub, bununla yanaşı, 45 dövlət standartının dövri yoxlanması həyata keçirilib.