BAKI, 1 may. TELEQRAF

Bu ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatında qeyd edilib.

Rüb ərzində terminaldan təxminən 52,3 milyon barel neft və kondensat ixrac edilib. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə terminal təxminən 55 milyon bareldən çox neft və kondensat ixrac etmişdi. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql olunmuşdu.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 73,3 milyon standart kubmetr (təxminən 2 milyard 589 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.Müqayisə üçün bildirək ki, 2024-cü ilin müvafiq dövründə orta hesabla təxminən 75 milyon standart kubmetr (təxminən 2 milyard 660 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilmişdi.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.