BAKI, 1 may. TELEQRAF

2025-ci ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 32 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar vəsait xərclənib.

Teleqraf xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatında qeyd edilib.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilərək, Ceyhandan 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdi.

Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənərək, yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.