BAKI, 30 aprel. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 14,9 faiz azdır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon dollar dəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları ilə Lüksemburq, 213,4 min ABŞ dolları ilə Nigeriya, 179 min ABŞ dolları ilə Misir və 174 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.