
BAKI, 28 aprel. TELEQRAF
Xəbər verdiyimiz kimi, İspaniyanın böyük hissəsində eləcə də Portuqaliyanın bəzi bölgələrində elektrik enerjisi kəsilib.
Teleqraf "Reuters"-ə istinadən xəbər verir ki, Portuqaliyanın elektrik şəbəkəsi operatoru "Ren" yaranmış vəziyyətin İspaniyada "nadir atmosfer hadisəsini"dən qaynaqlandığını açıqlayıb. Operatorun açıqlamasına görə, əməliyyatların normal icrası bir həftə çəkə bilər.
"Buna səbəb İspaniyanın daxilindəki temperatur dalğalanmaları" olub. Portuqaliya şəbəkəsinin fəaliyyətini tam normallaşdırması bir həftəyə qədər çəkə bilər".
Qeyd edək ki, Andorrada və Fransanın İspaniya ilə həmsərhəd bölgələrində də elektrik şəbəkəsində problemlər yaşanıb. Milyonlarla insan işıqsız qalıb, nəqliyyat və rabitə sistemlərində fasilələr yaranıb. İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica"dan bildirilib ki, texniki işçilər tədricən İspaniyanın şimal və cənubunda enerji təchizatını bərpa etməyə başlayıblar.
"Euronews" İspaniya hökumətinin məsələ ilə bağlı təcili iclas keçirdiyini yazib.
"Bloomberg"in mənbələrə istinadən verdiyi məlumata görə, İspaniya hakimiyyəti fövqəladə vəziyyətin inkişafına nəzarət etmək üçün böhran komitəsi yaradıb.
***
16:33
İspaniyanın böyük hissəsində və Portuqaliyanın bəzi bölgələrində elektrik enerjisinin kəsilməsi səbəbindən ictimai nəqliyyatda hərəkət dayanıb. Kəsilmə telefon xətlərinə də təsir edib.
Teleqraf xəbər verir ki, Madrid, Barselona və Lissabonda ictimai nəqliyyat, işıqfor və telefon xətləri pozulub, metroda hərəkəti dayandırılıb.
Madriddəki Barajas hava limanında elektrik olmayıb və Valensiya metrosu bütün xidmətləri dayandırdığını açıqlayıb. Madrid Açıq Tennis Turnirində də oyunlar dayandırılıb.
Madriddə işıqforların işləməməsi səbəbindən avtomobillər bir-biri ilə toqquşub, küçələrdə xaotik vəziyyət yaranıb.
İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica" kəsilmənin səbəblərinin məlum olmadığını, lakin elektrik enerjisinin bərpası üçün enerji şirkətləri ilə danışıqlar aparıldığı açıqlanıb.