"Azərbaycanda sahibkarlıq daim inkişaf etməlidir. Biz Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) olaraq bu istiqamətdə dayanmadan çalışırıq".
Bu barədə Teleqraf-a ASK-nın vitse-prezident Vüqar Zeynalov danışıb.
O bildirib ki, ASK-nın fəaliyyəti sahibkarlığın inkişaf etdirilməsi ilə bağlıdır:
“Konfederasiya bu il Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasının sədrliyini edir. Bizim ən əsas məqsədlərimizdən biri türk dünyasında ticarətin asanlaşdırılması, ticarət dövriyyəsinin artması, ticarətin qarşısında duran maneələrin aradan qaldırılması, logistika imkanlarının artırılması, eyni zamanda türk ticarət palatalarının bir-birinə inteqrasiyasıdır. Bu münasibətlə “Okuklu Holding” şirkəti tərəfindən görülən Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistana məxsus ticarət pavilyonlarının rəsmi açılışı çox yaxşı təşəbbüsdür. Pavilyonların açılması eyni zamanda çox əlamətdar günə təsadüf edib, çünki bu gün Azərbaycanda “Sahibkarlar Günü”dür. Artıq doqquzuncu ildir ki, biz bu günü qeyd edirik”.
Vüqar Zeynalov xatırladıb ki, ASK eyni zamanda İslam Ticarət və İnkişaf Palatasının üzvüdür:
“Bu il mayın 10-da İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, İslam Ticarət və İnkişaf Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumunda Palatata üzv olan 56 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. Bu forum ticarət dövriyyəsinin inkişafı üçün mühimdir”.