BAKI, 25 aprel. TELEQRAF
2024-cü ildə Azərbaycanda 4 milyon 365 min ton və ya əvvəlki illə müqayisədə 6,8 faiz çox tullantı əmələ gəlib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, onların 69,3 faizini bərk məişət tullantıları, 30,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Ötən il yaranmış 3 milyon 25,4 min ton bərk məişət tullantılarının 80,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,2 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 15,3 faizi ölkə daxilində satılıb, 1,4 faizi ixrac olunub, 11,6 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 49,5 faizi isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2024-cü ildə 260,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 6 faiz olub. Tullantıların 71,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakıda yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 115,7 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.