BAKI, 23 aprel. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı valyuta hərraclarının nəticələri barədə məlumat açıqlanmamasının səbəbini açıqlayıb.

Teleqraf xəbər verir bu barədə sualı cavablandıran Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, hər dəfə hərracların nətcələri müxtəlif olur və bu da müxtəlif yozumlara, əsassız müzakirələri səbəb olur.

O xatırladıb ki, hər ilin sonunda Dövlət Neft Fondundan dövlət büdcəsinə ödədiyi transfert təsdiq edilir: “Bu məbləğin manat şəklində ödənilməsi üçün Dövlət Neft Fondu sərəncamında olan valyuta ehtiyatlarının satışını həyata keçirərək vəsaitləri manatla büdcəyə köçürməlidir. Bu transfertin həyata keçirilməsi üçün Dövlət Neft Fondu birbaşa özü bazara çıxmaqla valyuta vəsaitləri sata bilər. Həm şəffaflığın, həm də prosesin idarə edilməsi üçün Mərkəzi Bank agent qismində çıxış edərək, bu prosesdə çıxış edir. Yəni həmin valyutanı bazara hərrac vasitəsi ilə satır. Həmin hərracda, ölkədə fəaliyyət göstərən banklar iştirak edir. Məzənnə sabit olduğu şəraitdə və bütün tələb ödənildiyi halda bu hərrac məlumatlarının yayılmasının səbəbini görə bilmirik. Həftə ərzində 2 dəfə hərrac keçirilir və həmin hərracların nəticələri dəyişkən olur. Hər dəfə bu dəyişiklər baş verdikdə müzakirələrə səbəb olur".

O, əlavə edib ki, bəzi media nümayəndələri və ekspertləri deyir ki, biz bu valyuta hərracları ilə valyuta bazarında tələb və təklifi müəyyən edirik: "Bu mümkün deyil. Çünki orta 5 ilə baxsaq Dövlət Neft Fondunun transferti ümumi valyuta bazarının 30-35 faizini təmin edir. Biz valyuta bazarında tələb və təklifi müəyyən etmək istəyiriksə, bu çox rahatdır. Bu dəyişiklikləri görmək üçün iki işarə var: birinci məzənnə, ikinci isə ehtiyatlardır. Məzənnə sabitdir, ehtiyatlar isə dəyişilmir. Bu o deməkdir ki, tələb təklifi qarşılayır”.