BAKI, 23 aprel. TELEQRAF

Bakı şəhərində nəqliyyatın fasiləsizliyinin təmin olunması, yol və piyada hərəkətinin rahatlığı, eləcə də şəhər mobilliyinin dayanıqlığının artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili istiqamətində işlər davam etdirilir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, bu çərçivədə Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində ödənişli parklanma məntəqələri yaradılıb və sürücülərin istifadəsinə verilib. Hazırda bu işlər Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində davam etdirilir. Ərazidə nişanlanma xətləri çəkilir və yaxın günlərdə yol nişanları quraşdırılacaq. Yeni parklanma məntəqələri tam hazır olduqdan sonra nəqliyyat vasitələri sahiblərinin istifadəsinə veriləcək. Parklanma yerləri təşkil olunarkən fiziki imkanları məhdud şəxslər üçün də xüsusi şərait nəzərdə tutulur.

Bununla yanaşı, parkinqə tələbatın nisbətən az olduğu ərazilərdə ödənişsiz parklanma yerlərinin təşkili də həyata keçirilir. 4-cü zonaya daxil olan daha bir neçə məntəqə Səbail və Suraxanı rayonlarında təşkil edilib. Belə ki, Bayıl qəsəbəsində, Abbasqulu Abbaszadə və Cəlal Qurbanov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək park edilməsi üçün ödəniş tələb olunmur. Bundan əlavə, saat 22:00-dan 07:00-a qədər və bazar günləri parklanma tamamilə ödənişsizdir.