BAKI, 23 aprel. TELEQRAF

Mərkəzi Bankın (AMB) mövcud monetar siyasət mövqeyi məqsədəuyğun hesab edilir. İnflyasiya tənzimləyicinin hədəf intervalında qalır və son artım müvəqqəti xarakter daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) İcraiyyə Şurasının 2025-ci il üçün IV maddə üzrə Azərbaycan ilə məsləhətləşmənin yekunlaşmasına dair dərc etdiyi hesabatında qeyd edilib.

Hesabatda qurumun İcraçı Direktorları qeyd ediblər ki, Azərbaycanın iqtisadi artımı dayanıqlı olaraq qalır, bu da qeyri-neft sektorunun güclü fəaliyyəti ilə dəstəklənir, inflyasiya isə nəzarət altındadır:

“Proqnozlara dair risklər əsasən balanslaşdırılmış olsa da, mühüm qeyri-müəyyənliklərlə müşayiət olunur. Azərbaycanda orta müddətli dövrdə iqtisadiyyatın şaxələndirilməsi və davamlı artımın təmin olunması üçün ehtiyatlı siyasət və islahatların davam etdirilməsinə çağırırıq. Fiskal qayda çərçivəsində müəyyən edilmiş büdcə hədəflərinə əməl olunmasını müsbət qiymətləndiririk. 2025-ci il üçün nəzərdə tutulmuş genişlənmə yönümlü büdcə pro-tsiklik xarakter daşıyır və ümumilikdə hökumət 2025-ci ildə fiskal tənzimləmələri davam etdirməlidir. Bu, gəlir artıqlığının və ya xərclərdə qənaətin inflyasiya təzyiqlərinin cilovlanmasına və fiskal dayanıqlığın gücləndirilməsinə yönəldilməsi vasitəsilə həyata keçirilə bilər”.

Direktorlar Azərbaycanın investisiya ehtiyaclarını qəbul etməklə yanaşı, orta müddətli dövrdə nəsillərarası bərabərliyi təmin etmək üçün fiskal konsolidasiya siyasətinin aparılmasının vacibliyini vurğulayıblar. Bu istiqamətdə gəlir və xərclərə dair tədbirlərin, eləcə də fiskal qayda çərçivəsinin möhkəmləndirilməsi üzrə islahatların önəmini qeyd ediblər. Ölkədə inflyasiya risklərinin diqqətlə izlənilməsinin və zərurət yarandıqda operativ müdaxilə etməyə hazırlığın vacibliyini önə sürüblər:

"2024-cü il üzrə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) Azərbaycanın maliyyə sistemini ümumilikdə dayanıqlı, bank sektorunu isə yaxşı kapitallaşdırılmış kimi qiymətləndirməsini müsbət qarşılayıblar. Onlar tənzimləyici islahatlar gündəminin canlandırılması, bankların kapital və likvidlik bufer ehtiyatının gücləndirilməsi sahəsində maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş mühüm irəliləyişə görə hökuməti təqdir edirik.

Ehtiyatlı nəzarətin və maliyyə təhlükəsizliyi şəbəkəsinin gücləndirilməsi, sistem risklərinin təhlili və stress testi çərçivələrinin genişləndirilməsi istiqamətində irəliləyişin davam etdirilməsini tövsiyə edirik. Bu kontekstdə konsolidasiya olunmuş nəzarətin tam tətbiqi, nəzarət tədbirləri üçün erkən xəbərdarlıq indikatorları və tətikləyici mexanizmlərin hazırlanması, daxili sistem əhəmiyyətli bankların dayanıqlığının gücləndirilməsi və fövqəladə likvidlik yardımı mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayırıq.

Həmçinin, idarəetmənin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və AML/CFT (çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) çərçivəsinin daha da gücləndirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini qeyd edirik. Hökuməti özəl sektorun maliyyə resurslarına çıxışının artırılması və qlobal iqlim gündəminə töhfə verilməsi sahəsində səyləri intensivləşdirməyə çağırırıq".