
BAKI, 14 aprel. TELEQRAF
Bakı vaxtilə saat 16:24-ə olan məlumata əsasən, Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 1,13% artaraq 65. 387 dollar/barel olub.
Teleqraf xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 1,16% yüksələrək 62.038 dollar təşkil edib.
Xatırladaq ki, cümə günü Brent markalı neftin qiyməti 64,62 dollara qədər yüksəlsə də, ticarət gününü 64,26 dollar səviyyəsində başa vurub. Beləliklə, bağlanış qiyməti ilə müqayisədə təxminən 0,21% artım qeydə alınıb.
Onu da bildirək ki, qiymətlərdəki bu məhdud artım əsasən qlobal miqyasda baş verən siyasi və iqtisadi proseslərlə əlaqələndirilir. Son baş verən proseslər bazarda dalğalanmalar yaradıb.
Texniki analizlərə görə, Brent markalı neft qiymətləri müəyyən səviyyələrdə diqqətlə izlənilməlidir. Ekspertlər bildirirlər ki, hazırda yuxarı hədd 69,56 dollar, aşağı hədd isə 60,17 dollar səviyyəsindədir. Neft qiymətlərinin bu aralıqda dəyişməsi, qlobal qeyri-müəyyənliklərin davam etdiyi şəraitdə, bazarda yüksək dəyişkənlik yarada bilər.
"Goldman Sachs" artan tənəzzül riskləri və OPEC+ qrupundan gözlənilən daha yüksək hasilat ilə əlaqədar olaraq neft qiymətlərinin bu ilin sonuna və 2026-cı ilə qədər düşəcəyini proqnozlaşdırır.
Bank "Brent" və ABŞ xam neft qiymətlərinin orta hesabla 2025-ci ilin qalan hissəsində 63 və 59 dollara, 2026-cı ildə isə 58 və 55 dollara düşəcəyini gözləyir.
"Goldman Sachs" ABŞ və Çin arasında artan ticarət müharibəsi səbəbindən 2026-cı ilin dördüncü rübü üçün qlobal tələb artımı proqnozunu gündəlik 900 min barel azaldıb. Neft bazarında 2025-ci ildə 0,8 milyon barel, 2026-cı ildə isə 1,4 milyon barel profisit (artıqlıq) gözlənilir.