BAKI, 4 aprel. TELEQRAF

Cənubi Qaz Dəhlizi layihəsi dünyanın dörd bir yanındakı regional yaşıl enerji dəhlizlərinin ən böyük nümunələrindən biri olma potensialına malikdir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Bayraktar Bakıdakı iclasa qatılan demək olar ki, bütün iştirakçılar yaşıl iqtisadiyyat istiqamətində iddialı planlara sahibdir.

O, Türkiyənin bu sahədə əməkdaşlıq və tərəfdaşlığı genişləndirməyə hazır olduğunu qeyd edib:

"Əməkdaşlığımıza təmiz enerji layihələrini də əlavə etmək fürsətimiz var. Son 10 ildə Türkiyə təbii qazın təchizat təhlükəsizliyini artırmaq üçün bir sıra infrastruktur layihələri inkişaf etdirərək mühüm addımlar atıb. Yenidən qazlaşdırma terminallarına etdiyi sərmayələrə əlavə olaraq, ötürmə və anbarlama tutumu sayəsində Türkiyə hazırda qaz ehtiyacının yarısını mayeləşdirilmiş formada idxal edir. Bundan əlavə, növbəti beş il ərzində 12 milyard kubmetrə çatmağı hədəfləyirik. Digər mühüm addım isə Cənubi Qaz Dəhlizinin tutumunun tam olaraq istifadə edilməsi və enerji sahəsində yeni bir təşəbbüsün qurulmasıdır."

Türkiyəli nazir təchizat təhlükəsizliyini gücləndirməkdə digər mühüm addımın bərpa olunan enerji və konvensional mənbələr üçün yerli resursların tam istifadə edilməsi olduğunu açıqlayıb.

Bayraktar Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın Cənubi Qaz Dəhlizi layihəsini inkişaf etdirmək üçün birgə çalışdığını bildirib:

"Bu layihə dünyanın dörd bir yanındakı regional yaşıl enerji dəhlizlərinin ən böyük nümunələrindən biri olma potensialına malikdir. Nəticə olaraq, Türkiyə olaraq güclü regional əməkdaşlığı dəstəkləməyə davam etmə mövzusundakı qərarlılığımızı bir daha vurğulamaq istəyirəm, çünki bunun hər zamankindən daha vacib və zəruri olduğuna inanırıq."