BAKI, 10 aprel. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan qüvvələrinin sərhədə yaxın toplaşması barədə erməni mediasının iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, o, bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərə bildirib.

Qriqoryan Azərbaycan qüvvələrinin sərhədə yaxın ərazilərdə cəmləşməsi barədə suala cavab olaraq, bu məlumatın haradan gəldiyini soruşub və şayiələrə inanmamağı tövsiyə edib.​

Qurum rəhbəri əlavə edib ki, dəqiq məlumat olarsa, Ermənistan Müdafiə Nazirliyi onu mütləq ictimaiyyətə çatdıracaq.

Jurnalist bundan sonra iddia edib ki, ona bu məlumatı verən “mənbə” etibarlıdır.

Qriqoryan ona cavabında deyib: “Mənbə”nizdən sizə daha konkret məlumat verməsini xahiş edin. Güman edirəm ki, o, belə bir şey görməyib, çünki görsəydi, sistemlərimiz də bunu görərdi”.