.png)
BAKI, 10 aprel. TELEQRAF
"Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə olunub. Bununla bölgə yeni mərhələyə qədəm qoya bilər. Amma görünən odur ki, Cənubi Qafqazda proseslərin fərqli istiqamətdə getməsini arzulayanlar da az deyil. Bu xüsusda İran və Ermənistanın Qərbi Zəngəzurda keçirdiyi hərbi təlimlər diqqətlə izlənilir. İndiki halda İrəvana Tehranla birlikdə hərbi təlimlərin keçirilməsi nə dərəcədə önəmlidir sualı açıq qalır".
Bu sözləri Teleqraf-a politoloq Zaur Məmmədov Zəngəzurda İran və Ermənistan ordusunun birgə təlimlərinin mahiyyətini şərh edərkən deyib.
Onun fikrincə, hazırda ABŞ və İsrailin İranla bağlı hərbi qərar verməsi gözlənilir: “Bunun fonunda Vaşinqton Yəməndə hərbi tədbirlər həyata keçirir. Əslində bu hallar İranın diqqətini daha çox cəlb etməlidir. Tehran cənuba və qərbə daha çox maraq göstərməli idi və bu daha məntiqli görünürdü. İran isə şimalda, Araz çayının sahilində, Zəngəzur yaxınlığında Ermənistanla hərbi təlimlər keçirməyə üstünlük verib. Ona görə də bu hərbi təlimlərin məqsədyönlü olması ilə bağlı iddialar səslənir. Buradan Azərbaycana hansısa mesaj vermək niyyətləri də var”.
“Əslində Ermənistanla hərbi təlimlər İran ordusu üçün heç bir perspektiv vəd etmir. Adətən hərbi təlimlər qarşılıqlı mübadilə və təlimatlar naminə, təcrübənin daha da dərinləşməsi üçün edilir. İran ordusunun Ermənistan silahlı qüvvələrindən nə öyrənəcəyi isə çox maraqlıdır. Görünən odur ki, son 5 ildə 40 kilometrlik enlikdə olan Mehri bölgəsi, Araz çayının Qərbi Zəngəzur istiqaməti daimi olaraq Azərbaycana münasibətdə manipuliyasiya yeri kimi istifadə olunur”, - politoloq əlavə edib.