
Bakı, 17 mart, TELEQRAF
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynovla görüşüb.
Teleqraf xəbər verir ki, görüş çərçivəsində qaliblərin şəxsi inkişaf planları və bir sıra mühüm təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib.
Daha sonra qaliblərin gələcək inkişaf perspektivləri, fərdi və peşəkar bacarıqlarının artırılması, eləcə də Mərkəzi Bankın fəaliyyət sahələri üzrə mümkün perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb.
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində Taleh Kazımova yaradılan imkana və səmimi qəbula görə təşəkkür ediblər. Qaliblər, həmçinin Mentorluq proqramından gözləntilərini və gələcək hədəflərini də bölüşüblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il 18 dekabr tarixində Sərəncam imzalanıb.