BAKI, 13 oktyabr. TELEQRAF
İsrailin Livanla sərhədində məktəblilərin ekskursiyası zamanı baş verən partlayış nəticəsində bir şagird həyatını itirib, daha 24 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələri partlayışın ilkin ehtimala görə, Livanın “Hizbullah” təşkilatına məxsus partlamamış sursatdan qaynaqlandığını açıqlayıb.
“İsrail hərbçilərinin apardığı ilkin araşdırma göstərir ki, partlayışa, ehtimal ki, ‘Hizbullah’ təşkilatına məxsus və həmin ərazidə qalmış partlamamış kaset sursatı səbəb olub”, – ordunun bəyanatında bildirilib.
İsrail hərbçiləri hadisənin başvermə şəraitinin araşdırıldığını və ərazidə axtarış tədbirlərinin davam etdirildiyini qeyd ediblər.
İsrailin “Kan” dövlət teleradio şirkətinin məlumatına görə, hadisə Livan sərhədi yaxınlığındakı Maalot-Tarşiha şəhərində yerləşən dini məktəbin şagird və müəllimlərinin ekskursiyası zamanı baş verib.
Yaralananlar arasında həm şagirdlər, həm də müəllimlər var. Üç nəfərin vəziyyəti ağır, dörd nəfərin xəsarətləri isə orta ağır qiymətləndirilir. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.
“Kan”ın məlumatına əsasən, ilkin araşdırma zamanı şagirdlərdən birinin ərazidə partlamamış sursat taparaq çantasına qoyduğu, bundan sonra partlayış baş verdiyi müəyyən edilib.
Həmin sursatın daha əvvəl Livanın cənubunda fəaliyyət göstərən “Hizbullah” silahlı birləşmələri tərəfindən atıldığı ehtimal olunur.