BAKI, 13 oktyabr. TELEQRAF
Almaniya, İtaliya və Belçika liderləri Avropa İttifaqında (Aİ) rəqabət qabiliyyətinə və sənayenin inkişafına mane olan qərarların dayandırılması üçün xüsusi mexanizmin yaradılmasını təklif ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya ünvanlanan məktuba istinadən məlumat yayıb.
Məktubu Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Belçikanın Baş naziri Bart De Vever imzalayıblar.
Liderlər Avropa İttifaqında rəqabət qabiliyyətinin artırılması üçün “təcili dayandırma mexanizmi”nin yaradılmasını zəruri hesab edirlər.
Təklifə əsasən, Brüsselin qəbul etdiyi yeni qaydalar milli hökumətlər və biznes üçün həddindən artıq inzibati yük yaradarsa, üzv dövlətlər onların tətbiqini dayandırmaq imkanına malik olmalıdırlar.
Üç ölkənin rəhbəri, həmçinin Aİ-də kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi inzibati yükün təcili azaldılmasına çağırıb.
Məktub oktyabrın 15-16-da keçiriləcək Avropa İttifaqı sammiti ərəfəsində göndərilib.
Sammitdə Avropa Komissiyasının 2028-2034-cü illər üçün büdcə təklifinin azaldılması, Avropada enerji böhranı, Aİ-nin gələcək genişlənməsi və Ukraynaya silah tədarükü məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edən yeddiillik büdcənin 1,76 trilyon avro həcmində olmasını təklif edib. Layihədə hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması, kənd təsərrüfatına və iqtisadi baxımdan zəif inkişaf etmiş regionlara ayrılan vəsaitlərin isə azaldılması nəzərdə tutulur.
Aİ-yə üzv dövlətlər büdcə layihəsinin 141 milyard avro azaldılmasını tələb edirlər.