BAKI, 11 mart. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti 2021-ci ilin oktyabrından bu ilin martına qədər mülkiyyət sənədi olmayan 58.024 ailəyə çıxarış verib və 384.760 dövlət aktını çıxarışla əvəz edib.

Xidmətdən Teleqraf-a bildirilib ki, məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsinə, həmçinin vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaratmaqdır.

Qeyd edək ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanın 2.1-ci bəndinə ölkə başçısı tərəfindən 28 fevral 2025-ci ildə dəyişiklik edilib. Belə ki, adıçəkilən Fərmanın öncəki redaksiyasında 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi nəzərdə tutulmuşdur. Lakin müvafiq dəyişikliklə bu müddət 2027-ci ilin yanvarın 1-dək uzadılıb.