TBİLİSİ, 14 FEVRAL. TELEQRAF

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Natia Turnavanı Gürcüstan Milli Bankının (GMB) prezidenti təyin olunması münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə GMB-dən bildirilib.

T.Kazımov təbrik məktubunda Azərbaycan və Gürcüstanın mərkəzi bankları arasında əməkdaşlığın dərinləşdiriləcəyinə ümidvarlıq ifadə edib. O, GMB-də N.Turnavanın prezidentliyi dövründə qonşu ölkədə maliyyə sabitliyinin və inkişafın daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

AMB prezidenti ilə yanaşı, N.Turnavaya bir sıra ölkələrin mərkəzi banklarının və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri də təbriklər ünvanlayıblar.

Xatırladaq ki, N.Turnava fevralın 7-də GMB-nin prezidenti təyin olunub. O, dövlət bankında prezident vəzifəsini tutan ilk qadın kimi tarixə düşüb.