Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır.
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün enerji tərəfdaşlığımızın gündəliyində bir sıra perspektivli layihələr var.
"Enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir. Bu kontekstdə Petkim bir sıra yeni fabriklərin tikintisini, bəzi fabriklərin isə modernizasiyasını planlaşdırır.
Bununla yanaşı SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 100% paylarını əldə etməyi planlaşdırır (225 mln $). Bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumununda Saziş imzalanacaq".
Baş nazir qeyd edib ki, elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlıq qurulub: "Bu gün biz Naxçıvan-Türkiyə Enerji Qovşağı layihəsi üzərində fəal iş aparırıq. Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraq Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflərimiz sırasındadır.
Bir sözlə enerji sahəsində əməkdaşlığımız qarşılıqlı fayda prinsipi əsasında davam edəcək və yaxşı nəticələr vəd edir.
Bu məsələlər, həm də yaşıl enerji sahəsində əməkdaşlıq barədə energetika nazirimiz əlavə məlumat verəcək".