BAKI, 22 dekabr. TELEQRAF
"Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridirlər. Bugünə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd-dan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına $18 mlrd sərmayə qoyub".
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyədə 3000 Azərbaycan şirkəti fəal iş aparır.
"Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq.
Azərbaycanın azad edilmiş ərazilərində icra edilən layihələrdə qardaş Türkiyə şirkətləri bizimlə bərabər çalışır. 20-yə yaxın Türkiyə şirkəti həmin ərazilərdə 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır.
Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir.
Ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığımızın perspektivləri barədə əlavə məlumatları bizə iqtisadiyyat naziri təqdim edəcək".
O qeyd edib ki, hərbi və müdafiə sənayesinin inkişafı Azərbaycan Prezidenti tərəfindən hökumət qarşısında prioritet kimi qoyulub.
"Bu gün ölkədə müasir müdafiə sənayesi klasterinin yaradılması istiqamətində fəal iş aparılır. Və Türkiyə şirkətləri müdafiə sənayesi və hərbi-texniki sahədə bizim etibarlı tərəfdaşlarımız kimi çixiş edirlər.
Sirr deyil ki, Türkiyənin çox güclü hərbi sənaye potensialı vardır. Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir.
Azərbaycan Türkiyənin zəngin təcrübəsindən bundan sonra da istifadə etməkdə maraqlıdır. Əlbəttə ki, mövcud qarşılıqlı faydalı tərəfdaşlığımız davam etdiriləcək", - Ə.Əsədov qeyd edib.