BAKI, 29 mart. TELEQRAF

Xəbər verdiyimiz kimi, “Starlink” qlobal peyk internet sistemi Azərbaycanda da xidmətə başlayıb.

“Starlink” peyk internetindən istifadə üçün bir neçə ödəniş planları mövcuddur. Şirkətin rəsmi saytında evlərdə istifadə üçün nəzərdə tutulmuş “Residential Lite” paketinin qiyməti aylıq 80 manat, “Residential” paketinin qiyməti isə 100 manat olaraq qeyd edilib. 50 giqabaytlıq rouminq xidməti təklif edən “Roam - 50GB” paketinin qiyməti 90 manat, limitsiz rouminq interneti üçün isə “Roam - Unlimited” paketinin qiyməti 170 manatdır. Xidmətin biznes sahəsi üçün də təklifləri mövcuddur. Biznes subyektləri üçün peyk interneti paketlərinin aylıq qiymətləri 50 giqabayt üçün 80 manat, 500 giqabayt üçün 204 manat, 1 terabayt üçün 359 manat, 2 terabayt üçün isə 669 manatdır. İstifadəçilərin satın aldıqları planlara 50 giqabayt əlavə etmək üçün aylıq 31 manat, 500 giqabayt əlavə etmək üçün isə aylıq 155 manat ödəmək imkanları var.

“Starlink” xidmətinin əvvəlcədən sifariş depozit ödənişi 100 manatdır. Xidmətə qoşulmaq üçün istifadə ediləcək “Starlink Standard Kit” modeminin qiyməti 670 manat, çatrılıması isə 50 manatdır. Səhifədə qeyd olunub ki, əvvəlcədən sifariş depoziti kimi ödənilən 100 manat tam ödəniş tamamlandığı zaman “Starlink Standart Kit”inin ümumi dəyərindən çıxılacaq. Beləliklə, istifadəçilər xidmətdən yararlanmaq üçün birdəfəlik 620 manat (570 manat avadanlıq, 50 manat isə çatdırılma üçün), daha sonra isə aylıq ödəniş etməlidirlər.

İKT üzrə mütəxəssis, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Teleqraf-a bildirib ki, “Starlink” internet xidmətindən yararlanmaq üçün rəsmi saytdan qeydiyyatdan keçməklə xüsusi modemi sfariş vermək lazımdır:

“Modem istifadəçiyə çatdırıldıqdan sonra saytdakı şəxsi hesab vasitəsilə peyk internetindən istifadə etməyə başlamaq olar. Ancaq biz bilməliyik ki, bu ödənişlər internet üzərindən və ölkədən xaricə olunduğu üçün istifadəçidən əlavə rüsumlar da çıxacaq. Biz bir çox xarici xidmətə ödəniş etdikdə həm Azərbaycanda banka 18%-lik vergi ödənişi, həm də xidmətin alındığı ölkəyə əlavə dəyər vergisi ödəyirik. Azərbaycanda hazırda “Starlink MMC” şirkəti yaranıb. Buna görə də, biz bu xidmət üçün verginin yalnız Azərbaycanda tutulacağını ehtimal edirik. Lakin “Starlink” peyk internet xidməti ölkəmizdə bu gün fəaliyyətə başlayıb, buna görə də, ödənişin yerli ödəmə sistemləri ilə Azərbaycandakı MMC-yə, yoxsa beynəlxalq ödəmə sistemləri ilə xaricə gedib-getmədiyini hələ bilmirik. Bu bizim üçün sual altındadır və biz bunu araşdıracağıq. Arzu edərdik ki, vergi yalnız Azərbaycanda tutulacaq və vədəntaşlarımızdan artıq ödənişin tutulmasının qarşısı alınacaq".

Mütəxəssis qeyd edib ki, “Starlink” peyk internet sisteminin Azərbaycandaki fəaliyyəti mövcud internet provayderləri ilə uzlaşdırılması məsələsi müqayisə edilməzdir:

“Təbii ki, Azərbaycanda fiberoptik internet mövcuddur. Buna görə də, ölkədə hər hansı bir şəhər və insanların çox olduğu qəsəbə və kənddə yaşayan şəxslər üçün fiberobtik internet sərf edir. “Starlink”in ənənəvi fiberoptik internetlə fərqi ondadır ki, bu xidmət insanların az olduğu yerlərdə, məsələn dağ və meşələrdə evi və ya biznesi olanlar üçün yararlıdır. “Starlink” modemləri səyahət edərkən, dəniz, dağ və insanların yaşamadığı və fəaliyyətinin olmadığı yerlərdə istifadə olunur. Fiberoptik internetin mövcud olduğu yerdə “Starlink” peyk internetindən istifadə etmək istifadəçiyə daha baha başa gələcək”.

O bildirib ki, “Starlink” internet xidməti bazar rəqabəti ilə müqayisə edilməyə uyğun deyil:

“Bazardaki internet xidmətlərinin özünün təyinatı var və onlar bir-birilərinə rəqibdirlər. “Starlink” “Amazon”un yaratdığı peyk interneti texnologiyaları ilə rəqib ola bilər. Peyk internetinin fiberoptik internetlə rəqib olmaq variantı yoxdur”.

Elvin Abbasov “Starlink” peyk interneti xidmətinin istifadəsinin Azərbaycanda çox geniş yayılacağını düşünür:

“Azərbaycanda peyk internetinin bir çox istifadə sahəsi var. Azərbaycanın rayonlarında, sahələrdə aqroparklar, ferma və heyvandarlıq təsərrüfatları mövcuddur. Bu sahələrə fiberoptik internet çəkmək mümkün deyil. Azərbaycanda turizm də çox inkişaf edib. İnsanlar dağların başına, şəlalələrə səyahət edirlər və buralarda bir çox tikintilər aparırlar. Bu internetdən hərbi sənayedə də istifadə edilə bilər, çünki internetin olmadığı bir çox yerlərdə hərbi təlimlər keçirilir. Dənizdə fəaliyyət göstərən gəmilər və digər obyektlərdə də istifadə oluna bilər”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda peyk internetinin fəaliyyətə başlaması turizmin inkişafına müsbət təsir edəcək:

“İnsanlar rayon və kəndlərdə, yay düşərgələrində “Starlink” modemləri vasitəsilə internetdən istifadə edə biləcəklər. Düşünürəm ki, bu çox faydalı bir texnologiyadır”.

İKT mütəxəssisi, texnobloger Fərid Pərdəşünas Teleqraf-a qeyd edib ki, “Starlink” peyk internetinin qiyməti yerli bazarda olan digər provayderlərin təqdim etdiyi internet xidmətlərdən kifayət qədər bahadır:

“Lakin nəzərə almaq lazımdır ki, “Starlink” məhz “Premium” xidmətdir. Əgər istifadəçinin evində normal optik şəbəkə mövcuddursa, həmin əraziyə “Starlink” modemi quraşdırmaq sərf etməyə bilər. “Starlink”in əsas təyinatı internetin olmadığı ərazilərdə, dağlıq və ucqar yerlərdə sürətli internet təminatını reallaşdırmaqdır. Ukrayna müharibəsi zamanı ukraynalılar internetə əlçatanlığın olmadığı ərazilərdə məhz “Starlink” peyk internetindən istifadə edirdilər”.

O bildirib ki, “Starlink” peyk interneti eyni zamanda səfərlər zamanı, digər ölkələrdə istifadə üçün də yararlıdır:

“Starlink” modemini istifadəçi özü ilə daşıdığı zaman həmin ərazidə interneti təmin etmiş olur. Eyni zamanda, 100-dən çox ölkədə dəstəkləndiyi üçün bu modem xaricdə də “Starlink”in peyklərinə qoşulmaqla istifadəçini internetlə təmin edə bilir”.