BAKI, 12 mart. TELEQRAF
Elektron Təhlükəsizlik Xidməti tərəfindən son 6 ay ərzində 2000-ə yaxın zərərli kontent yayan internet resursları müəyyən edilərək məhdudlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda deyib.
O əlavə edib ki, həmçinin 184 “web defacement” və real DDoS hücumları operativ şəkildə zərərləşdirilib və 1,5 milyondan artıq məlumat sızıntısı faktları aşkarlanaraq müvafiq reaksiya tədbirləri həyata keçirilib:
“Bu müdafiə sisteminin tamamlayıcı hissəsi isə vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır. Dövlətin müdafiə mexanizmləri nə qədər güclü olsa da, son nöqtədə qərarı vətəndaşın özü verir. Rəqəmsal sahədə davranış qaydalarını bilmək, şəxsi məlumatlarla düzgün rəftar etmək, onlayn xidmətlərdən məsuliyyətlə istifadə etmək - bunlar istehlakçı hüquqlarının qorunmasında dövlət tədbirləri qədər vacibdir”.