BAKI, 7 may. TELEQRAF

Türkiyənin peyk rabitə həlləri təminatçısı olan PROFEN şirkəti ilə Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") arasında İstanbulda keçirilən "SAHA Expo 2026" çərçivəsində peyk tutumundan istifadə ilə bağlı əməkdaşlıq razılaşması imzalanıb.

Teleqraf bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Məlumata görə, razılaşmaya əsasən, PROFEN şirkəti "Azerspace-1" və "Azerspace-2" peyklərinin imkanlarından istifadə edərək Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında peyk rabitə xidmətləri göstərməyi planlaşdırır.

Əməkdaşlıq çərçivəsində PROFEN-in Konya və Ankara şəhərlərində yerləşən yerüstü stansiya infrastrukturu ilə Azərkosmosun mövcud peyk imkanlarının inteqrasiyası nəzərdə tutulur.

Bununla yanaşı, əməkdaşlıq mobil rabitə, o cümlədən uçuşdaxili internet xidmətləri (In-Flight Connectivity) və dənizçilik sahəsində peyk bağlantısını da əhatə edir.

Əməkdaşlığın məqsədi regionda artan internet və rabitə ehtiyacına daha çevik və etibarlı həllər təqdim etməkdir.

PROFEN peyk rabitə texnologiyaları sahəsində fəaliyyət göstərən Türkiyə mənşəli texnologiya şirkətidir. Şirkət peyk sistemləri, yer seqmenti infrastrukturu və sistem inteqrasiyası üzrə ixtisaslaşıb. PROFEN quru, hava və dəniz platformaları üçün müxtəlif rabitə həlləri təqdim edir.

"Azərkosmos" isə 2010-cu ildə yaradılıb, Avropa, Asiya, Afrika və Yaxın Şərq regionlarında 45-dən çox ölkəyə peyk xidmətləri təqdim edir.