BAKI, 16 noyabr. TELEQRAF

Rusiyalı tennisçi Mirra Andreyeva Qadın Tennis Assosiasiyasının (WTA) mövsümün yekun turnirinin qalibi olub.

Teleqraf xəbər verir ki, ABŞ-nin İndian-Uells şəhərində keçirilən yarışın finalında 19 yaşlı tennisçi ukraynalı Elina Svitolinanı 7:5, 6:3 hesabı ilə məğlub edib.

Andreyeva turnir boyunca keçirdiyi beş görüşün hamısında qalib gəlib və rəqiblərinə bir set belə uduzmayıb. Bununla da o, maksimum mükafat məbləği olan 3,37 milyon dollar qazanıb. Tennisçiyə həmçinin “Mercedes-AMG SL 55” markalı lüks avtomobil hədiyyə edilib.

Andreyeva 2004-cü ildə Mariya Şarapovadan sonra WTA-nın yekun turnirinin fərdi yarışlarında çempion olan ilk rusiyalı tennisçidir.

Hazırda dünya reytinqində üçüncü pillədə qərarlaşan Andreyeva bu qələbədən sonra karyerasında ilk dəfə ikinci yerə yüksələcək. Bu, onun WTA turnirlərində yeddinci fərdi tituludur.

Qeyd edək ki, səkkiz ən yaxşı tennisçinin iştirak etdiyi turnirin ümumi mükafat fondu 10 milyon dollar təşkil edib.