BAKI, 15 noyabr. TELEQRAF

Dəməşqdə keçirilən görüşdə iki ölkənin daxili işlər nazirləri sərhəd bölgələrində sabitliyin qorunması və təhlükəsizlik orqanları arasında koordinasiyanın gücləndirilməsi barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın daxili işlər naziri Anas Xəttab Livanlı həmkarı Əhməd əl-Həccarla görüşünün yekunlarına dair açıqlamasında bildirib.

Xəttabın sözlərinə görə, tərəflər əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını ifadə edib və sərhədyanı ərazilərdə sabitliyin möhkəmləndirilməsi üçün zəruri tədbirlər görmək barədə razılaşıblar. O, danışıqları səmimi və konstruktiv adlandırıb.

Əl-Həccar isə hər iki ölkənin narkotik qaçaqmalçılığına qarşı mübarizədə əldə etdiyi müsbət nəticələri vurğulayıb. Onun sözlərinə görə, qabaqlayıcı əməliyyatlar və həbslər sayəsində Suriya ilə Livan arasında ekstremist təhlükələrin qarşısının alınması istiqamətində səmərəli əməkdaşlıq davam edir.

Qeyd edək ki, Livanın daxili işlər nazirinin Suriyaya səfəri ölkə hakimiyyətinin suriyalı qaçqınların qanunsuz yollarla Livana daxil olmasının qarşısını almaq üçün sərt tədbirlər gördüyü bir vaxta təsadüf edib.