SUQOVUŞAN, 30 aprel. TELEQRAF

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana yerli sakinlərə, Gənclər və İdman Nazirliyi, AKAF-a qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycanda avarçəkmə ildən-ilə inkişaf, yerli sakinlərin bu idman növünə marağı bizi məmnun edir. Suqovuşan, Füzuli və Mingəçevir sakinlərinə, federasiya və yerli icra hakimiyyətlərinin rəhbərliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlar bizi yüksək qonaqpərvərliklə qəbul ediblər. Bilirik ki, avarçəkmə çox çətin idman növüdür, ağır məşqlər tələb edir. Burada Almaniya, CAR, Hindistan kimi yeni ölkələr iştirak edir, 3 qitə təmsil olunur. Bu səbəbdən, bütün idmançılara uğurlar arzulayıram".

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, əvvəlki illərdən fərqli olaraq, budəfəki reqatada daha çox ölkənin idmançıları iştirak edirlər: "Artıq 5-ci dəfədir ki, işğaldan azad olumuş ərazilərimizdə avarçəkmə yarışı keçirilir. 2022-ci ildə cəmi 4 ölkə gəlmişdisə, artıq iştirakçı sayı 20-yə çatıb. Bu, görülən işlərin nəticəsidir. AKAF-a, əziyyəti keçən hər kəsə və könüllülərə təşəkkür edirəm. Burada yaxşı şərait yaradılıb".

O, yarışı rəsmi olaraq açıq elan edib.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən çox idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.