BAKI, 22 dekabr. TELEQRAF

Çeçenistan lideri Ramzan Kadırova "İdmanın inkişafı üçün göstərdiyi səylərə görə" fəxri nişanla təltif edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov bildirib.

"Mükafat Çeçenistan Respublikasında idmanın inkişafına və populyarlaşmasına verdiyi böyük töhfəyə görə verilib", - deyə o yazıb.

Parlament üzvü qeyd edib ki, Kadırov respublikanın idman sənayesinin inkişafı üçün çox iş görür: "Bölgədə idman mərkəzləri və stadionlar tikilir, müxtəlif idman klubları açılır, genişmiqyaslı idman tədbirləri və turnirlər keçirilir. Respublika rəhbərinin bölgənin hər bir sakini üçün idmanı əlçatan etmək səyləri layiqincə qiymətləndirilməlidir".

Qeyd edək ki, bu ilin oktyabrında Kadırova regionun çiçəklənməsinə və sosial-iqtisadi potensialının artırılmasına yönəlmiş fəaliyyətinə görə Çeçenistan Respublikasının Qəhrəmanı adı verilib.