
BAKI, 8 mart. TELEQRAF
Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatına start verilib.
Teleqraf-ın məlumatına görə, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da finalçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Rəhman İmanov (57 kq) təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən rusiyalı U-20 Avopa çempionu və dünya ikincisi Lev Pavlova 0:3 hesabı ilə məğlub olub.
Rəqib finala yüksəldiyi üçün İmanov martın 9-da təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla qarşılaşacaq.
Murad Haqverdiyev (65 kq) ispaniyalı Felipe Millaya 5:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlsə də, UWW bayrağı altında mübarizə aparan rusiyalı U-17 Avropa çempionu Amal Candubayevə məğlub olub – 4:8. Rəqib finala yüksəldiyi üçün Haqverdiyev sabah təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovla güləşəcək.
Kənan Heybətov (70 kq) Ukrayna təmsilçisi Narek Poqosyan, bolqarıstanlı Kaloyan Atanasov və belçikalı Muhammad Abduraxmanova vaxtından əvvəl – 10:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Heybətov qızıl medal uğrunda qarşılaşmada UWW-dən olan rusiyalı Maqomed Yeltemirovla mübarizə aparacaq.
Fərid Cabbarov (79 kq) isə gürcüstanlı Giorgi Qoqritçianini 8:4, italiyalı Raffaele Matrullonu 10:0 və isveçrəli Umar Mavlayevi 3:1 hesabı ilə üstələyərək finala yüksəlib. Cabbarov həlledici görüşdə UWW-dən olan Rusiya güləşçisi Arsen Balayanla üz-üzə gələcək.
Yalnız Abdulcəlil Şabanov (97 kq) təsnifat mərhələsində Ermənistan təmsilçisi Sergey Sarqsyana 3:11 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.