Bu gün müxalifət partiyalarının birləşdiyi Anti-böhran Koalisiyasının toplantısı keçirilib. Bu haqda Teleqraf.com-a Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.
Anti-böhran Koalisiyasının nümayəndəsi deyib ki, toplantıda ictimai-siyasi durum müzakirə edilib: “Bir sıra qərarlar qəbul etdik. Hesab edirik ki, Azərbaycan ordusunun aprelin əvvəlində keçirdiyi hərbi əməliyyatlar bizim uğurumuzdur və cəmiyyətdə vətənpərvərlik hissinin yüksəldilməsində, özünəinamda xüsusi rol oynadı.
Bu, eyni zamanda Azərbaycanın düşmənlərinə, region dövlətlərinə hərbi qüdrətin nümayiş etdirilməsi baxımından önəm daşıyır. Koalisiya bu hadisələr zamanı şəhid olan əsgərlərimizin yaxınlarına başsağlığı verib və ordumuzu birmənalı dəstəklədiyimizi bəyan edib. Habelə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hakimiyyətin atacağı addımları gələcəkdə də dəstəkləyəcəyimizi bildirdik”.
Əhməd Oruc əlavə edib ki, Koalisiyanın növbəti dövr üçün fəaliyyət istiqamətləri barədə konkret qərar verilməyib: “Lakin bəllidir ki, biz ölkədə yaranan durumla bağlı bir araya gəlmişik. Hazırda böhranla bağlı bir neçə toplantımız keçirilib. Gələcəkdə də bu məsələlərlə bağlı müzakirələr aparacağıq. Bu həftə əsasən cəbhə xəttində yaranan durumla bağlı müzakirələr aparıldı”.
Nemət