AĞDƏRƏ, 3 dekabr. TELEQRAF

Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.

***

18:41

Ağdərə rayonunun Şıxarx qəsəbəsi ərazisində minaya düşən 55 yaşlı Nazim Kamran oğlu Pənahəliyev Bərdə Diaqnostika Mərkəzinə aparılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, heyvan otararkən mina partlayışı nəticəsində yaralanan N. Pənahəliyev əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Bərdə Diaqnostika Mərkəzinə təxliyə edilib.

Hazırda Pənahəliyev əməliyyat olunmaq üçün əməliyyat masasına götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, minaya düşən Nazim Pənahəliyev Laçın rayonunun Hacıxanlı kənd ərazi dairəsinin Budaqdərə kənd sakinidir.

***

18:18

BAKI, 3 dekabr. TELEQRAF

Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!"- məlumatda qeyd edilib.