BAKI, 8 sentyabr. TELEQRAF

“Prezident Vladimir Putinin dediyi budur ki, yaxın vaxtlarda İrəvan və Moskva Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyətini yenidən nəzərdən keçirəcək. Bu, yaxşı yanaşmadır, çünki nəticədə fikir ayrılığı olan məsələlərin daha çox məqamlarında bir-birimizlə razılaşa biləcəyimiz ortaya çıxa bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Taquhi Qazaryan deyib.

Vladimir Putinin İrəvan istəyəcəyi halda Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa hazır olmaları barədə açıqlamasına münasibət bildirən deputat qeyd edib:

“Bu, bütün digər məsələləri masaya qoymaq, hansı məsələlərdə razılaşdığımızı, hansılarda isə fikir ayrılığımız olduğunu görmək üçün siqnaldır. Komandamız daxilində bu mövzu ilə bağlı hansısa müzakirə olmayıb”.

Taquhi Qazaryan Rusiya ilə əldə olunan razılaşmaların yenilənməli olduğunu vurğulayıb: “Vəziyyət dəyişib, biz dəyişmişik, dünya dəyişib. Hətta bəzi məsələləri qoruyub saxlamaq şərtilə belə, onları yeniləmək mümkündür”.

Hakim fraksiyanın üzvü “Rusiya bazasının Ermənistandan çıxarılması və ölkənin Türkiyə qarşısında müdafiəsiz qalması ilə bağlı təhlükə görmürsünüzmü” sualına belə cavab verib:

“Xeyr, görmürəm. İkincisi, Rusiya hərbi bazası ilə bağlı məsələ Ermənistanın gündəmində olmayıb və bu, yeni mövzudur, bunu hələ müzakirə etməliyik. Hətta belə olsa belə, bunun təhlükəli olduğunu düşünmürəm. Çünki hərbi bazanın yerləşdirilmə müddətinin uzadıldığı yenilənmiş müqavilədə qeyd olunur ki, bundan sonra Rusiya hərbi bazası təkcə Ermənistan-Türkiyə sərhədi ilə deyil, həm də Ermənistanın digər sərhədləri ilə bağlı müəyyən təhlükəsizlik öhdəlikləri götürür.

Düşünürəm ki, mənimlə razılaşarsınız: bu öhdəlikləri, yumşaq desək, o qədər də yaxşı yerinə yetirməyib. Əgər Rusiya hərbi bazasının mövcudluğu xüsusilə faydalı olmayıbsa, onun olmaması da xüsusilə zərərli olmayacaq. Üstəlik, hazırda regionda eskalasiya təhlükəsi yoxdur, biz bu təhlükəni azaldıb, demək olar, sıfırlamışıq”.