BAKI, 16 noyabr. TELEQRAF

Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi dağılıb.

Teleqraf xəbər verir ki, Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, hadisə nəticəsində azı 32 nəfər ölüb. Axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Mədənçilər Assosiasiyası 49 nəfərin öldüyünü və onlarla insanın itkin düşdüyünü bəyan edib.

Səlahiyyətlilər hadisənin səbəbini leysan yağışların səbəb olduğu torpaq sürüşməsi ilə əlaqələndirib.

Digər məlumata görə, mədəndə mühafizəçilər ilə mədənçilər arasında münaqişə olub. İşçiləri dağıtmaq cəhdi zamanı mühafizəçilər atəş açıb.

Hesabatda qeyd olunub ki, atışmadan sonra müvəqqəti körpü də uçub və nəticədə təhlükəli sürüşmə baş verib. Mühafizəçilərlə mədənçilər arasında baş verən mübahisənin təfərrüatı açıqlanmayıb.