AĞDƏRƏ, 16 noyabr. TELEQRAF
Bu gün saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
16:00
İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində noyabrın 16-ı mina hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdərə Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
***
14:18
Ağdərədə mina hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.
Bərdə sakini, 1990-cı il təvəllüdlü Natiq Namiq oğlu Əliyev kənd ərazisində minaya düşərək yaralanıb.
Zərərçəkən dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.