BAKI, 17 oktyabr. TELEQRAF

Oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***

12:10

Bakıda bıçaqlanan məktəblinin vəziyyəti orta ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, oktyabrın 15-də saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən təcili çağırış daxil olub.

"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) pasiyent əməliyyat edilib", - məlumat da qeyd olunub.

***

11:07

Bakının Binəqədi rayonunda məktəblilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Teleqraf-ın xəbərinə görə, hadisə 28 May qəsəbəsində baş verib.

İlkin məlumata görə, 11-ci sinif şagirdləri M.S. və S.S. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı S.S. həmyaşıdına bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Sadıqov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.