LƏNKƏRAN, 25 sentyabr. TELEQRAF

Lənkəran şəhəri ərazisində səhər saatlarında baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Teleqraf-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə saat 08:00 radələrində qeydə alınıb.

20 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu velosipedçi – Lənkəran rayonunun Şilim kənd sakini, 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub. Ağır xəsarət alan velosipedçi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə aparılıb.

Həkimlər ona dəqiqləşdirilməmiş koma və kəllədaxili travma diaqnozu qoyublar.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilsə də, göstərilən tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.