GƏDƏBƏY, 24 sentyabr. TELEQRAF
Sentyabrın 24-də saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
***
13:14
Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb.
Teleqraf-ın xəbərinə görə, məlumatda deyilir:
"Bugün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.
Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır.
Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.
***
11:53
Gədəbəy rayonunda yol qəzasına düşərək xəsarət alan müəllimlərin bir hissəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, az sayda yaralı isə Gəncə şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxminən 12 nəfər gətirilib. Daha 2 nəfər isə Gəncə şəhərinə aparılıb.
Yaralıların çoxunun vəziyyəti normaldır.
Qəzaya uğrayan mikroavbusda sərnişin sayının normadan artıq olduğu ehtimal edilir.
Qəzada xəsarət alan şəxslərin əksəriyyətinin şəxsiyyəti müəyyənləşdirilib:
1. Məryəm Babayeva
2. İlahə Əliyeva
3. Xədicə Baxşəliyeva
4. Nailə Məmmədova
5. İlahə Tağıyeva
6. Ulduz Babayeva
7. İmarət İsgəndərova
8. Türkan Məcidli
9. Əfsanə Kazımova
10. Səbinə Əliyeva
11. Nərmin Məhərrəmqızı
12. Bəhruz Bayramov
13. Emilya Vəliyeva
Hadisədə "Mercedes" markalı avtomobilin sürücüsü 1986-cı il təvəlüdlü Pərviz Quliyev də müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumat üçün bildirək ki, Gədəbəy rayonunun Maarif kəndində baş verən hadisə nəticəsində kənd sakini Natiq Əliyevin idarə etdiyi "VAZ 2106" markalı maşın 1986-cı il təvəllüdlü sərnişin daşıyan mikroavtobusla toqquşub.
Həmin şəxslərin əksəriyyəti Gəncə şəhərindən Gədəbəyə gedən müəllimlərdir.
***
09:20
Gədəbəyin Maarif kənd ərazisində mikroavtobusla "VAZ2106" markalı maşının toqquşması nəticəsində qəza baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər bədən xəsarəti alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya düşənlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.