LƏNKƏRAN, 3 iyul. TELEQRAF

Lənkəranda Yeni Ələt-Astara magistral yolunun kənarındakı quru ot sahəsi yanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, magistral yol ilə mühafizə çəpəri arasında baş vermiş yanğın yolda qatı tüstü yaradaraq sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Eyni zamanda, alovun təsirindən mühafizə çəpərləri də yararsız hala düşüb.

Sözügedən ərazidə lokal yanğınların tez-tez müşahidə edildiyi bildirilir. Buna səbəb kimi mühafizə çəpəri ilə magistral yol arasındakı sahələrin vaxtında təmizlənməməsi göstərilir.

Yay aylarında quru ot kütləsinin yoldan keçən sürücülər tərəfindən atılan siqaret kötüyü ilə alovlanması mövcud mənzərənin yaranmasına səbəb olur.