BAKI, 5 may. TELEQRAF
Abşeron rayonu, Xırdalan şəhərində intiharın qarşısı alınıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xırdalanda bir nəfərin yaşadığı mənzilin pəncərəsinə çıxaraq intihara cəhd göstərməsi barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Bəşirov Aməddin Niyaməddin oğlu özünə xəsarət yetirdikdən sonra altımərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.