
BAKI, 15 aprel. TELEQRAF
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, havanın küləkli olmasına baxmayaraq, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
17:07
Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının birində baş verən yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiirlib.
***
17:02
Xətai rayonunun Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş verən yanğının söndürülməsi üçün tədblər görülür.
Teleqraf xəbər verir ki, hazırda hadisə yerinə cəlb olunan xilasedicilər və yanğın söndürnələr binada olan sakinlər təxliyyə edir. Yanğının söndürülməsi üçün işlər görülür.
***
16:52
Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
16:28
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.