
BAKI, 19 mart. TELEQRAF
Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
2002-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Trofimova Anastasiya Vitalyevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün öz ölkəsinə verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsi əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.V.Trofimova cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.