MİNGƏÇEVİR, 16 mart. TELEQRAF

Bir gecədə eyni vaxta Mingəçevirin müxtəlif küçələrində iri həcmli məişət tullantısı qabları yandırılıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə qəsdən yandırma halları gecə saatlarında şəhərin Nizami, Əliağa Vahid, N.Nərimanov və onlara bitişik küçələrdə qeydə alınıb.

Hadisə zamanı plastik tullantı yeşikləri tamamən yanıb, dəmir qutular isə yararsız vəziyyətə düşüb.

Baş vermiş hadisə ilə bağlı Teleqraf-ın sorğusuna aydınlıq gətirən Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin hüquqşünası Cavid Xəlilov bildirib ki, gecə saatlarında eyni vaxtda biri-birinə paralel küçələrdə məişət tullantısı qablarının yanması hadisənin təsadüf nəticəsində deyil qəsdən törədildiyini göstərir. Bu səbəbdən də İdarə məsələnin araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etməyə qərar verib.

Rəsmi araşdırma bütün suallara aydınlıq gətirəcək.