
BAKI, 3 mart. TELEQRAF
Ukraynaya əbədi müharibə yox, sülh lazımdır və bunun açarı təhlükəsizlik təminatıdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Bugünlərin nəticəsi Avropadan açıq dəstək, daha çox birlik, daha çox əməkdaşlıq istəyidir. Əsas məsələdə hamı həmrəydir: sülhün real olması üçün real təhlükəsizlik təminatları lazımdır. Bu, bütün Avropa və qitənin – Britaniya, Avropa İttifaqı, Norveç, Türkiyə və digər dövlətlərin mövqeyidir”, - dövlət başçısı deyib.
Zelenski sülh naminə diplomatik səylərin davam edəcəyini açıqlayıb:
“Bizə sülh lazımdır, əbədi müharibə yox. Təhlükəsizlik zəmanətləri bunun açarıdır. Yaxın gələcəkdə Avropada hamımız öz ümumi mövqelərimizi – əldə etməli olduğumuz və geri çəkilə bilməyəcəyimiz xətləri formalaşdıracağıq. Bu, ABŞ-dəki tərəfdaşlarımıza təqdim olunacaq”.