BAKI, 3 mart. TELEQRAF

Məhkəmə qərarlarının icrası mexanizminin işlənib hazırlanması. həmçinin bununla bağlı dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulması təklif olunur.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə deyilir ki, məhkəmə qərarlarının borclu qismində cəlb edilmiş müvafiq dövlət qurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsi də vətəndaşların haqlı narazılıqlarına səbəb olub.

Qeyd edilən problemlə bağlı aidiyyəti dövlət qurumlarına ünvanlanmış müraciətlərə verilmiş cavablarda, bir qayda olaraq həmin qurumun büdcədən maliyyələşdiyi əsas gətirilmiş, tələb olunan vəsaitin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılacağı təqdirdə məhkəmə qərarının icrasının təmin ediləcəyi bildirilmişdir.

Bildirilib ki, borclu dövlət qurumlarına münasibətdə məhkəmə qərarlarının icrasında mövcud olan bu kimi çətinliklər zəruri icra mexanizminin və təsir vasitələrinin qənaətbəxş olmaması, habelə məhkəmə qərarlarının icrasına nəzarətin effektiv təşkil edilməməsi ilə bağlıdır. Odur ki, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizminin işlənib hazırlanması, həmçinin bununla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulması zəruridir.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.