BAKI, 3 mart. TELEQRAF

Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə dövlət qurumlarına həyata keçirilən baxışların sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd olunub ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 126, Daxili İşlər Nazirliyinin müəssisələrinə 90, Elm və Təhsil Nazirliyinin müəssisələrinə 75, Səhiyyə Nazirliyinin müəssisələrinə 25, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrinə 21, Dövlət Miqrasiya Xidmətinin müəssisələrinə 9, Dövlət Təhlükəsizliyi Xidmətinin müəssisələrinə 3, Müdafiə Nazirliyinin müəssisələrinə 2, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müvəqqəti saxlama yerinə 1 başçəkmə həyata keçirilmişdir.

Qeyd olunub ki, bunlardan 108-i plandankənar olub.

Bildirilib ki, başçəkmələr zamanı şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslər konfidensial qaydada qəbul edilmiş, onların hüquqlarının təmini vəziyyəti, o cümlədən müəssisələrdə saxlanma şəraiti, rəftar, tibbi xidmət, görüş, telefon danışığı və bu kimi digər məsələlər, habelə mətbuatda və sosial şəbəkələrdə həmin şəxslər barədə yayımlanmış məlumatlar araşdırılmış, əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində Ombudsmanın tövsiyələrinin icra vəziyyəti yoxlanılmışdır.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.